SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ HÜQUQ MÜDAFİƏ TƏŞKİLATLARININ MONİTORİNQ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 9-da Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması istiqamətindəki fəaliyyətindən danışaraq ötən illər ərzində yaranmış müsbət meyillərin, səmərəli islahatların, o cümlədən müasir texnologiyaların tətbiqinin uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının qorunması üçün, habelə hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Bu işin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin tərkib hissəsi olduğunu deyən general-polkovnik Ramil Usubov, ötən dövrdə qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırmışdır.
Səmimi qəbula, işgüzar əlaqələrə və əməkdaşlığa görə minnətdarlıq edən hüquq müdafiəçiləri bütövlükdə DİN-nin fəaliyyətindən razılıqlarını bildirmiş, onları maraqlandıran bir çox məsələlərlə bağlı fikirlərini söyləmişlər. Hüquq müdafiəçiləri, həmçinin Bənəniyar kəndində baş verənləri yerində öyrənmək məqsədi ilə Naxçıvana getmək arzularını da ifadə etmişlər.
Nazir Ramil Usubov bu məsələnin bəzi mətbuat orqanlarında həddən artıq şişirdildiyini, dövlət orqanlarına və polisə qarşı birtərəfili və qərəzli təbliğat kampaniyasına çevrildiyini, hər bir hadisənin, vətəndaşların hər bir müraciətinin obyektiv araşdırılmasının dövlətimizin marağında olduğunu vurğulamışdır.