MƏDƏNİYYƏT
“Dədə Qorqud uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da T.İsmayılov adına Dövlət uşaq rəsm qalereyasında “Dədə Qorqud uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, “Dədə Qorqud” Fondunun, “Azərbaycan dünyası” beynəlxalq jurnalının və “Paşa Bank”ın təşkilatçılığı ilə keçirilən tədbirdə paytaxt məktəbləri şagirdlərinin əsərləri nümayiş olunmuşdur.
“Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, qalereyanın şöbə müdiri Aynurə Həşimova tədbirin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, sərginin məqsədi məktəblilərin mədəniyyətimizə, şifahi xalq ədəbiyyatımıza, tarixi qəhrəmanlarımıza marağını artırmaq, gənc nəslin nümayəndələrinin istedadının üzə çıxarılmasında yaxından iştirak etmək və onların əməyini qiymətləndirməkdir.
Qeyd edilmişdir ki, “Dədə Qorqud” dastanı Azərbaycan ədəbiyyatının çox qədim nümunələrindən biridir. Mövzunun bu cür seçilməsi dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumilikdə, mədəniyyətimizin öyrənilməsində mühüm rol oynayır.
Tədbirdə vurğulanmışdır ki, 1983-cü ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən istifadəyə verilən qalereyanın istedadlı gənclərin yetişməsində xüsusi yeri vardır. Bu gün ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətimizə, incəsənətimizə xüsusi diqqət yetirilir. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır.
Tədbirdə Xalq Rəssamı Ağaəli İbrahimov və digərləri çıxış edərək gənc rəssamlara yaradıcılıq uğurları arzulamışlar.
Sərgidə məktəblilərin “Dədə Qorqud” dastanında cərəyan edən hadisələri, qəhrəmanları əks etdirən 100-dək rəsm əsəri nümayiş olunmuşdur.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.