DÜNYA
“Deep Sea Metro II” üzən qazma gəmisi bazar günü İstanbula çatacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Türkiyənin sifariş verdiyi “Deep Sea Metro II” adlı üzən qazma gəmisi bazar günü İstanbula çatacaq.
AZƏRTAC xəbər verir ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin idarəçiliyində olacaq “Deep Sea Metro II” yeni nəsil və yüksək texnologiyalı gəmilərdən hesab edilir. Qazma gəmisi dekabr ayının əvvəlində Norveçdən yola çıxıb və Yunanıstanın cənubundan Egey dənizinə daxil olub. Gəminin bazar günü İstanbula çatması gözlənilir.
Qazma gəmisi İstanbula gəldikdən sonra xüsusi mərasimin keçirilməsi planlaşdırılır. Mərasimdə Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrak və KKTC-nin enerji naziri Sunat Atunun da iştirakı nəzərdə tutulur. Gəmi ilk dəfə Kıbrısda qazma işlərinə başlayacaq.
“Deep Sea Metro II” gəmisi ilə Türkiyə Aralıq dənizi və Qara dənizdə qazma əməliyyatlarını həyata keçirməyi planlaşdırır.
Gəminin satın alındığı və ya uzun müddətə icarəyə götürüləcəyi açıqlanmayıb. 2011-ci ildə Koreya Respublikasında istehsal edilən gəmi 230 metr uzunluğunda və 51 min ton ağırlığındadır.