REGİONLAR
Dəfnə yarpağının istehsalını bərpa etmək üçün hər cür şərait var
Astara, 24 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə əksər hallarda ədviyyat kimi istifadə edilən dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətlərə malik olması heç kəsə sirr deyil.
AZƏRTAC xəbər verir ki, sovetlər dövründə Azərbaycanda xarici ölkələrə tonlarla qurudulmuş dəfnə yarpağı ixrac edən cənub bölgəsində bu sahə artıq unudulmaq üzrədir. Təkcə Astaranın Kijabə qəsəbəsində hektarlarla dəfnə sahəsi olub. Əsasən iki dəfə toplanan dəfnə yarpaqları qurudularaq münasib qiymətə satılırdı. Yerli sakinlərin fərdi təsərrüfatlarında yetişdirdikləri dəfnə ağacları onların gəlir mənbəyi idi.
Sovetlər İttifaqında dəfnə yarpaqlarından əsasən konserv məhsullarında istifadə olunurdu. Həmin vaxtlar respublikamızda kifayət qədər bu tipli zavodlar olduğu üçün dəfnə yarpaqlarına da tələbat yüksək idi.
Astaralı Kamal Əliyev o dövrü belə xatırlayır: “Lənkəranda və Astarada konserv zavodları fəaliyyət göstərirdi. Yetişdirdiyimiz dəfnə yarpağını həmin zavodlara verirdik. İndi bu zavodlar fəaliyyətini dayandırıb. Həmin dövrdə Kijabə qəsəbəsində fəaliyyət göstərən müəssisədə qurudulan dəfnə yarpağı xarici ölkələrə də satılırdı.”
Bioloq Yunus Qulamovun sözlərinə görə, hazırda Avropa ölkələrində dəfnə yarpağının bir kiloqramı 40-50 ABŞ dollarına satılır. Bitkinin tərkibində olan qiymətli yağlardan bədəndəki artıq piylərin əridilməsi, qara ciyərin, üzdəki sızanaqların müalicəsində, ağız boşluğundakı yaralarda istifadə olunur.
Məhsul istehsalçıları bildirirlər ki, əgər tədarük və ixrac məsələsi həllini taparsa, cənub bölgəsində bu gəlirli sahəni yenidən dirçəltmək üçün hər cür şərait var.
Qeyd edək ki, Avropada bir çox sahələrdə istifadə olunan sözügedən bitkinin 80 faizini hazırda Türkiyə ödəyir.