İQTİSADİYYAT
Dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sistemində işlər 2016-cı ildə başa çatacaq
Bakı, 25 noyabr, AZƏRTAC
Dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə üzrə mərhələlərlə davam etdirilir. 1-ci hissə Böyük Kəsik-Gəncə sahəsi, 2-ci hissə Gəncə-Ucar sahəsi, 3-cü hissə Ucar-Hacıqabul sahəsi, 4-cü hissə Hacıqabul-Bakı sahəsindən ibarətdir.
“Azərbaycan Dəmir Yolları”nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, QSC-də bütün sahələr kimi, elektrik təchizatı sisteminin də müasir tələblərə cavab verən və qənaətcil sistemə keçirilməsinə xüsusi önəm verilir. Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında, ümumilikdə 12 yeni dartı yarımstansiyası tikilib. Hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq.