İQTİSADİYYAT
“DəmirBank”ın müştərilər üçün yeni yığım əmanəti
Bakı, 9 iyul (AZƏRTAC). “DəmirBank” yeni “Yığım” əmanətini müştərilərə təqdim etmişdir. Bankdan AZƏRTAC-a bildirmişlər ki, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları ilə yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5 faiz hesablanır.
“Yığım” əmanəti bir sıra üstünlüklərə malikdir. Əmanəti istənilən zaman artırmaq, yaxud istənilən zaman cəriməsiz olaraq tam və ya qismən çıxarmaq mümkündür. Eyni zamanda, müştərilərin gələcək maliyyə durumları sığortalana və üçüncü şəxsin adına hesab açıla bilər. Əmanətin maksimum məbləği 10 min manat və ya ABŞ dollarıdır.
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan“DəmirBank” müvafiq proqram üzrə hazırda əhaliyə münasib şərtlərlə “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq” əmanət növlərini təklif edir.