ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşları elmi fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif ediliblər
Bakı, 31 mart, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda Elm Gününə həsr olunmuş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın ölkəmizdə elmin inkişaf etdirilməsində müstəsna rolundan danışılıb. Müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov ölkə başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, elmin inkişafında da yeni mərhələnin başlanılmasından, Azərbaycan elminin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğıdan, həmçinin ölkədə alimlərin və elmin nüfuzunun yüksəlməsindən söhbət açıb.
Seminarda institutun icraçı direktoru Dendroxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova, Ekologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov və başqaları məruzələrlə çıxış ediblər. Tədbirin sonunda institutun bir neçə əməkdaşı səmərəli elmi fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif ediliblər.