REGİONLAR
Dəniz quldurlarının “MV Mozart” gəmisinə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Siyəzəndə dəfn olunub VİDEO
Siyəzən, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Nigeriya sahillərində “MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov yanvarın 27-də dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Türkiyə üzərindən Azərbaycana gətirilib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirilib. Fərman İsmayılov doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.