SİYASƏT
DƏRBƏNDDƏ “OĞUZ EPOSU “KİTABİ DƏDƏ QORQUD” VƏ DƏRBƏND” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 17 may (AZƏRTAC). Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, Dərbənd şəhərində DİDK və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə “Oğuz eposu “Kitabi Dədə Qorqud” və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov konfransın məqsədləri haqqında məlumat vermiş və Azərbaycandan gəlmiş qonaqları təqdim etmişdir.
Şəhər merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev tədbirin Dərbəndin ictimai həyatında mühüm hadisə olduğunu vurğulamış, konfransın şəhərin qədim tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.
Tədbirdə DİDK şöbə müdirinin müavini Elnar Məmmədov konfransın Dağıstan tərəfdən təşkilatçılarına yüksək səviyyədə hazırlıq işlərinə görə təşəkkür etmişdir. O, Azərbaycanın Rusiyanın bütün subyektləri, o cümlədən Dağıstanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Dərbənd Şəhər Mədəniyyət İdarəsinin, Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının və ATXƏM təşkilatının dəstəyi ilə keçirilən elmi-praktiki konfransda mövzu ilə bağlı həm yerli, həm də Azərbaycandan gəlmiş alimlər çıxış etmişlər. Tədbirdə diyarşünas alim Hüseynbala Hüseynovun “Qədim Oğuz yazılı abidəsi olan “Kitabi Dədə Qorqud”un yaranma yeri məsələlərinə dair”, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilovun “Kitabi Dədə Qorqud” və Dərbənd, qarşılıqlı epik əlaqələr və ümumi mənəvi mədəniyyət”, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun “Tarixi ədəbiyyatın, o cümlədən “Kitabi Dədə Qorqud” kimi dastanların təbliğində QHT-lərin üzərinə düşən vəzifələr” və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, müxtəlif tarixi mənbələrdə, o cümlədən Evliya Çələbi və Adam Olearinin qeydlərində hətta Dədə Qorqudun məzarının Dərbənd şəhərində yerləşməsi haqqında məlumatların olduğu bildirilmişdir. Eyni zamanda, eposun dili, dastanda cərəyan edən hadisələr haqqında da ətraflı danışılmışdır.
Sonra konfrans iştirakçıları Dədə Qorqudun məzarının iddia edildiyi yerə baş çəkmişlər.
İştirakçılar, həmçinin “Narın Qala” kompleksində qədim tariximizin nümunələri ilə tanış olmuşlar.