İQTİSADİYYAT
“DƏVƏÇİ BROYLER” ASC İSO 22000:2005 BEYNƏLXALQ SERTİFİKATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də “Səba” məhsullarının istehsalçısı “Dəvəçi Broyler” ASC-nin “Qida Məhsullarının Təhlükəsizliyi Menecmenti Sistemi” standartı olan İSO 22000:2005 beynəlxalq sertifikatını alması ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə şirkətin baş direktoru Zakir Əzimov bildirmişdir ki, şirkətdə beynəlxalq standartın tətbiqinə 2007-ci ilin sonlarından başlanılmışdır. Müəssisədə bununla bağlı beynəlxalq konsultasiya şirkətindən olan mütəxəssislər tərəfindən təlim kursları və seminarlar keçirilmiş və istehsalat prosesinin təkmilləşdirilməsi işi aparılmışdır. Bütün bunların nəticəsi olaraq bu ilin əvvəlində Almaniyanın TÜV Thüringer beynəlxalq audit təşkilatının yeyinti məhsulları üzrə baş auditoru Marko Hoffmanın başçılığı ilə 5 günlük auditdən sonra “Dəvəçi Broyler” ASC Azərbaycanda ilk quş əti istehsalçısı olaraq İSO 22000:2005 sertifikatına layiq görülmüşdür. Bildirilmişdir ki, Almaniya, Avstriya, Hollandiyadan yeni texnologiyalar gətirilmiş, müəssisədə 100 çeşiddə məhsul istehsal edilməsi nəzərdə tutulmuşdur.
Əhalinin qida təhlükəsizliyinin təmin edilməsində ən mühüm vasitələrdən birinə çevrilən sistemin tətbiqi “Səba” məhsullarını dünya bazarına çıxarılmasında mühüm rol oynayacaqdır.
Sonda şirkətin baş direktoru Zakir Əzimova beynəlxalq sertifikat təqdim edilmişdir.