ELM VƏ TƏHSİL
DİM-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib



Bakı, 10 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə DİM-in kollektivi Heydər Əliyevin Mərkəzin binasında yerləşən büstü önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycanda təhsil və mütəxəssis hazırlığına göstərdiyi qayğıdan danışıb. Qeyd edib ki, Ümummilli Lider ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işinə həmişə ölkənin kadr potensialının möhkəmləndirilməsinin mühüm tərkib hissəsi, təhsil işimizin strateji istiqaməti kimi yanaşırdı. O, təhsildə qiymətləndirmə prosesinin dünyada qəbul olunmuş standartlara uyğun şəkildə qurulması üçün bu sahədəki dünya təcrübəsindən geniş istifadə olunmasını zəruri hesab edirdi. Biz Ulu Öndərin bu göstərişini rəhbər tutaraq biliyin qiymətləndirilməsi sistemini, imtahan modelini dünya standartlarına uyğunlaşdırmaq üçün davamlı şəkildə təkmilləşdirmə işləri aparmışıq və bu işi indi də davam etdiririk.
Daha sonra tədbirdə “Milli qiymətləndirmə sistemi – Heydər Əliyevin yetirməsidir” adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən kollektivin digər üzvləri də Ümummilli Liderin şərəfli ömür yolundan və fəaliyyətindən geniş söz açıblar.