REGİONLAR
Dini dəyərlər mənəvi dəyərlərimizin tərkib hissəsidir
Lerik, 6 may, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Lerikdə “Dini dəyərlər mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edərək, xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini bildirib.
A.Həsənov Ramazan ayının başlanması ilə əlaqədar məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməsinin vacibliyini diqqətə çatdırıb.
QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev çıxışında dövlətin din xadimlərinə qayğısından danışaraq, Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.