ELM VƏ TƏHSİL
Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir
![Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir](/files/2016/1/1200x630/1459180872535912755_1200x630.jpg)
Bakı, 28 mart, AZƏRTAC
Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatına martın 18-dən başlanılıb. Martın 28-dək 600 vakant yerə 1700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiqlənmiş namizədlər üçün növbəti mərhələ apreldə olacaq.
Yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər kəs iştirak edə biləcək. Qeyd edilən göstəricilərə malik şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyənlər müvafiq səhifəyə daxil olmalıdırlar.
“Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər.
“Uğur sertifikatı” olanlar müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.