DÜNYA
DİSTANT REJİMDƏ İMTAHAN VERƏN TƏLƏBƏLƏRƏ NƏZARƏT EDİLƏCƏKDİR
Bakı, 17 iyun (AZƏRTAC). Uels Universitetinin Kardifdəki institutunda (Böyük Britaniya) distant rejimdə imtahan verən tələbələrə nəzarət etmək üçün proqram təminatı sınaqdan keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, proqram ABŞ-ın “Software Secure” şirkəti tərəfindən yaradılmışdır.
Proqramı imtahanın verildiyi kompyuterdə yükləmək lazımdır. İmtahan materiallarına giriş üçün tələbə öz barmaq izlərini daxil etməlidir. İmtahan zamanı tələbə veb-kameranın nəzarətində olur ki, bu da müəllimə tələbənin bütün tapşırıqları sərbəst yerinə yetirdiyinə əmin olmağa imkan verir. Bundan əlavə, sınaq zamanı proqram tələbəni bütün fayl və veb-saytlara çıxışdan da məhrum edir.
Böyük Britaniyanın bəzi orta məktəb və ali təhsil müəssisələrində imtahanlarda köçürmə hallarının qarşısını almaq üçün otaqlarda artıq xüsusi detektorlar quraşdırılmışdır. Əgər şagird imtahan vaxtı SMS yazır, zəng edir və ya internetə daxil olursa, o zaman qurğu bu barədə müəllimə siqnal ötürür.