SİYASƏT
DMİTRİ MEDVEDEV: RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN BEYNƏLXALQ HÜQUQ NORMALARI ƏSASINDA TƏNZİMLƏNMƏSİNƏ KÖMƏK EDƏCƏKDİR
Rusiya “qonşu regionlarda qeyri-sabitlik mənbələrinin” beynəlxalq hüquq prinsipləri əsasında aradan qaldırılmasına bundan sonra da kömək edəcəkdir. AZƏRTAC xəbər verir ki, RF Prezidenti Dmitri Medvedev bu fikri noyabrın 5-də Kremldə Federal Məclisə müraciətində bəyan etmişdir.
Rusiya dövlətinin başçısı demişdir: “Biz mövcud formatlara hörməti əsas götürərək, Dnestryanı bölgədə və Dağlıq Qarabağda münaqişənin həllinə kömək edəcək, bütün əlaqədar tərəflərlə əməkdaşlıq edəcək, qarşılıqlı məqbul razılaşmalara nail olacağıq”.
Ümumi təhlükəsizlik məsələlərindən söhbət açan Dmitri Medvedev vurğulamışdır ki, hər bir regiona münasibətdə eyni olan yeni qlobal kollektiv təhlükəsizlik arxitekturası yaratmağın vaxtı çatmışdır”.
“Rusiya, Avropa və ABŞ-ı birləşdirən Avratlantik məkanında müsbət nəticəyə nail olmaq bizim üçün xüsusilə vacibdir”, - deyən Rusiya Prezidenti xatırlatmışdır ki, o, Avropada təhlükəsizliyə dair müqavilə hazırlanması təşəbbüsü ilə əvvəl də çıxış etmişdi. Dmitri Medvedevin fikrincə, bu sənəd tamamilə dəqiq və hamıya aydın olan davranış qaydaları yaratmağa, münaqişələrin həllinə vahid yanaşma tətbiq etməyə, silahlara nəzarət üçün etibarlı vasitələr yaradılmasına dair mövqeləri razılaşdırmağa imkan verərdi.
Rusiya dövlətinin başçısı beynəlxalq münasibətlərin hüquqi əsaslarının möhkəmlənməsinə dair işin davam etdirilməsini də zəruri sayır. “Dünya miqyaslı məsələlərdə oyun qaydalarını məhz beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları və prinsipləri müəyyən etməlidir” - deyən Prezident vurğulamışdır ki, əks halda, dünya beynəlxalq xaosla üzləşəcək və əslində, beynəlxalq hüquqi qaydanı qoruyub saxlamaq mümkün olmayacaqdır.