DÜNYA
DONOR ÖLKƏLƏR GÜRCÜSTANA YARDIM GÖSTƏRƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Reuters agentliyinə istinadla xəbər verir ki, oktyabrın 22-də Brüsseldə Gürcüstana yardım məqsədi ilə donor ölkələrin beynəlxalq konfransı keçirilmişdir.
Dünyanın 70-dən artıq ölkəsinin nümayəndələrinin iştirak etdiyi konfransda Gürcüstana infrastrukturun bərpa edilməsi və müharibədən zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə ümumilikdə 4,55 milyard dollar ayrılması barədə razılıq əldə edilmişdir. Həmin məbləğin 1 milyard dollarını ABŞ verəcəkdir. Avropa Komissiyası 2010-cu ilədək Gürcüstana 500 milyon avro ayıracaqdır.
Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner Avropa İttifaqına üzv olan 27 dövləti Gürcüstana əlavə 500 milyon avro yardım göstərməyə çağırmışdır.
Yaponiya isə Gürcüstana dövlət büdcəsindən 260 milyon dollar ayrılacağını bildirmişdir.
Nəzərdə tutulan vəsaitin yarıdan çoxu aşağı faizli kreditlərdən, digər hissəsi isə birbaşa yardımlardan ibarət olacaqdır.
Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozu Gürcüstana yardımın mənəvi borc olduğunu bildirmişdir.
Gürcüstanın Baş naziri Lado Qurgenidze ölkəsinə münasibətdə həmrəylik üçün təşəkkür etmişdir.