MƏDƏNİYYƏT
Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də “İrəli” İctimai Birliyinin, “Park Bulvar” ticarət və əyləncə mərkəzinin və Bakı Musiqi Akademiyası tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Park Bulvar” ticarət və əyləncə mərkəzində reallaşan mərasimi “İrəli” İctimai Birliyinin nümayəndəsi Turanə Hüseynli açaraq Dövlət Bayrağı Gününün yaranması tarixindən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi “Dövlət Bayrağı Günü” kimi təsis edilmişdir.
Bakı Musiqi Akademiyası tələbə gənclər təşkilatının orkestrinin ifasında maraqlı musiqi kompozisiyaları səsləndirilmişdir.
Tədbirdə əlamətdar gün münasibətilə bayrağımızı ən yaxşı təsvir edən, milli rəqslərimizin ən yaxşı ifaçısı və digər müsabiqələr keçirilmiş, qaliblərə hədiyyələr verilmişdir.
Dj-lərin səsləndirdikləri müasir musiqi nümunələri mərasimə rəngarənglik qatmışdır.