DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov “Gömrükçü” futzal komandasının üzvlərini qəbul etmişdir.
O, Azərbaycan kuboku yarışlarında parlaq qələbə qazanması münasibətilə komandanın üzvlərini təbrik etdi. Bu gün Azərbaycan gənclərinin idmanın bütün növləri üzrə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsini ölkəmizin Prezidenti Heydər Əliyevin idmanın inkişafına diqqət və qayğısının nəticəsi kimi dəyərləndirdi.
Kəmaləddin Heydərov Azərbaycan idmanının yüksəlişində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müstəsna rolu olduğunu vurğuladı. İlham Əliyevin MOK-a rəhbərlik etməsinin nəinki Azərbaycan idmanının inkişafına təkan verdiyini, həm də respublikamızın beynəlxalq idman yarışlarının mərkəzinə çevrilməsinə səbəb olduğunu söylədi.
“Gömrükçü” futzal komandasının ölkə kuboku yarışlarında qalib gəlməsini idmana göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirən komitə sədri bu qələbədə komandanın hər bir üzvünün zəhməti olduğunu, yaxın gələcəkdə “Gömrükçü” futzal komandasının adının beynəlxalq idman aləmində hörmətlə çəkiləcəyinə ümid etdiyini bildirdi, dünyanın ən məşhur futzal klublarından olan Rusiyanın “Dina” komandası ilə keçirilmiş beynəlxalq yoldaşlıq görüşünün nəticəsini yüksək dəyərləndirdi.
“Gömrükçü” futzal komandasının baş məşqçisi Şamil Useynov idmançılara göstərdiyi diqqət və qayğıya görə komitənin sədrinə minnətdarlığını bildirdi və əmin etdi ki, komanda gələcəkdə də yüksək nəticələr uğrunda mübarizə aparacaqdır.
Kəmaləddin Heydərov idmançıları bir daha təbrik etdi, onlara yeni uğurlar arzuladı.