ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi ACCA ilə birgə mühasibatlıq və maliyyə mütəxəssisləri üçün vebinar təşkil edib
Bakı, 20 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ACCA ilə birgə mühasibatlıq və maliyyə mütəxəssisləri üçün vebinar təşkil edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vebinar yeni nəsil mühasibatlıq və maliyyə mütəxəssisləri üçün mühasibatlıq və maliyyənin gələcəyi, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barədə maarifləndirmə məqsədilə keçirilib.
Görüşdə çıxış edən DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn mərkəz və ACCA arasında əməkdaşlıq münasibətləri, mühasibatlıq sahəsində baş verən yeniliklər və bu mövzuda beynəlxalq kvalifikasiyaların rolundan danışıb.
ACCA-nın Türkiyə qolunun rəhbəri Filiz Demiröz “Mühasibat peşəsinin gələcəyi: Karyeranızı ACCA ilə yönləndirin” adlı tədqiqatının nəticələrini iştirakçılarla bölüşüb. O, mühasibat peşəsində baş verən karyera trendləri, yeni yaranan karyera seqmentləri haqqında danışıb. ACCA-nın Türkiyə qolunun bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Coşkun ACCA kvalifikasiyalarının maliyyə və mühasibatlıq sahəsində peşəkarlıq səviyyəsini artırmaq istəyən şəxslərə yaratdığı imkanlar, eləcə də yeni qazanılmış peşəkar və texniki bacarıqların verdiyi üstünlüklər barədə məlumat verib. O, həmçinin ACCA kvalifikasiyalarına hazırlığın ən səmərəli üsullarından danışıb.
Vebinarda DİM-in tərəfdaşı olan Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən 40-dək tələbə və müəllim iştirak edib.
Maliyyə savadlılığının artırılması və bu sahədəki yeniliklərin paylaşılması məqsədilə həm DİM-in tərəfdaş olduğu universitetlərin tələbə və müəllim heyəti üçün, həm də ictimaiyyətə açıq analoji vebinarların keçirilməsi davam edəcək.