ELM VƏ TƏHSİL
DÖVLƏT MÜKAFATLARINA TƏQDİM OLUNMUŞ İŞLƏR MÜZAKİRƏYƏ ÇIXARILMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatında bildirilir ki, komissiyaya elm, mədəniyyət və ədəbiyyat üzrə 2010-cu ilin dövlət mükafatlarına ümumilikdə 12 iş təqdim olunmuşdur.
Təqdim edilmiş işlərin 7-si elm sahəsinə aiddir: “Defektlərin yaranmasının gizli dövrünün küylərin analizi əsasında rəqəmli monitorinqi nəzəriyyəsi və texnologiyası”; “Suyun yumşaldılmasının, şirinləşdirilməsinin və duzsuzlaşdırılmasının yüksək effektli metodları”; “Azərbaycan etnoqrafiyası”; “Azərbaycan Respublikasının Ekoloji atlası”; “Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq”; “Cənubi-Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılıq”; “Neft sənayesində nanotexnologiyalar (fundamental elmi araşdırma, ixtira və tətbiq)”.
Mədəniyyət sahəsi üzrə dövlət mükafatına “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu, həmçinin Alim Qasımovun ifaçılıq fəaliyyəti təqdim olunmuşdur.
Ədəbiyyat sahəsində təqdim olunmuş əsərlər sırasında “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabları və Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı yer almışdır.
Dövlət mükafatlarına irəli sürülmüş işlərlə geniş ictimaiyyətin tanış olması üçün yaxın vaxtlarda onların müzakirəsi təşkil ediləcəkdir.