REGİONLAR
Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir
Astara, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən tədbirin iştirakçıları Mərkəzin foyesində əlamətdar gün ilə bağlı təşkil edilmiş rəsm sərgisinə baxıb və sənədli film izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
1991-ci il avqustun 30-da Azərbaycan parlamentində Müstəqillik haqqında Bəyannamənin və oktyabrın 18-də Konstitusiya Aktının qəbul edildiyini vurğulayan E.Kazımova 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı nicat yolunu sınanmış lider, əsl vətənpərvər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Xalq özünün xilaskarına üz tutaraq, onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı.
Doğma xalqına qəlbən bağlı olan Ulu Öndər ömrünün qalan hissəsini də xalqına bağışladı. 1993-cü ilin 15 iyunundan başlayaraq Ümummilli Liderimiz milli dövlətçiliyimizi tarixi düşmənlərin qəsdindən qorumaq və onu rəvan inkişaf yoluna çıxarmaq üçün nəsillərə örnək olan tarixi fəaliyyətinə başladı.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolu ilə irəliləyir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu işdə mühüm rol oynayır. Bunu Astara rayonunun timsalında da görmək mümkündür.
Çıxışlarda qeyd olunub ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin bundan sonra da inkişaf edib möhkəmlənəcəyinə, onun əbədi, sarsılmaz və daimi olacağına qəti şəkildə inanır.
Sonda tədbir iştirakçıları Mərkəzin fondunda saxlanılan xalçalara, “Elektron kitabxana”dakı kitablara, “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.