İQTİSADİYYAT
Dövlət Neft Fondunun İcraçı direktoru MHŞT üzrə VI Qlobal Konfransda iştirak etmişdir
Bakı, 24 may (AZƏRTAC). Mayın 24-də Avstraliyanın Sidney şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans keçirilmişdir. MHŞT üzrə hökumət komissiyasının sədri və MHŞT İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir.
Konfransda MHŞT İdarə Heyətinin fəaliyyəti, İdarə Heyətinin yenidən seçilməsi, ölkələrin MHŞT sahəsində əldə etdiyi nailiyyətlər, yeni üzv ölkələrin qəbulu və digər məsələlər müzakirə edilmişdir.
Azərbaycan Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdir.
Konfransda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 2 ölkəyə (Toqo və Kot-D’İvuar) tamhüquqlu üzv, iki ölkəyə isə (Filippin və Honduras) namizədlik statusu verilməsi qərara alınmışdır. Daha iki ölkə (Fransa və İngiltərə) gələcəkdə MHŞT-yə qoşulmaq istəklərini bəyan etmişlər.
MHŞT hökumətlər, şirkətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Təşəbbüsə 2003-cü ildə qoşulan Azərbaycan MHŞT-nin qiymətləndirmə prosesindən keçən və tamhüquqlu üzv statusu alan ilk ölkədir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olduğuna və bu sahədə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan “2009-cu il MHŞT mükafatı”na layiq görülmüşdür.