İQTİSADİYYAT
Dövlət Neft Fondunun saytı yenilənmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) internet səhifəsi yeni tərtibatda istifadəçilərə təqdim edilmişdir.
ARDNF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, www.oilfund.az internet ünvanında yerləşən və 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi yeni tərtibatda istifadəçilərin ixtiyarına verilmişdir. Saytın tərtibatının və strukturunun yenilənməsinin məqsədi ictimaiyyətin Neft Fondu haqqında daha ətraflı məlumatlanmasına kömək etmək və qurumun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.
Səhifədə məzmun baxımından dəyişiklik edilmiş və “Vəsaitlərin idarə edilməsi” və “Karyera imkanları” adlı iki yeni bölmə yaradılmışdır. “Vəsaitlərin idarə edilməsi” bölməsində fondun investisiya fəaliyyəti haqqında ümumi məlumat və təqdimatlar yerləşdirilmişdir. “Karyera imkanları” bölməsində isə fondda işləmək istəyən şəxslər üçün vakansiya və işə qəbul qaydaları haqqında məlumatlar qeyd olunmuşdur. Fondda işə qəbul olunmaq istəyən şəxslər elektron ərizə formasını doldurmaqla onlayn şəkildə birbaşa qurumun müvafiq struktur bölmələrinə müraciət edə bilərlər. Jurnalistlər və ictimaiyyət nümayəndələri “Əlaqə” bölməsində sorğu formasını doldurmaqla onları maraqlandıran suallara tez bir zamanda cavab ala bilərlər. Fonda dair yeni məlumatları əldə etmək üçün abunə yazılışı da mövcuddur. Həmçinin gündəlik yeniləşən əsas xarici valyutaların məzənnələri, “Brent” və “WTI” markalı neftin və qızılın dünya bazarındakı qiyməti də göstərilmişdir.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.