İQTİSADİYYAT
Dövlət Neft Fondunun vəsaiti ölkə üzrə ümumi daxili məhsulun yarısına bərabərdir
Bakı, 9 aprel (AZƏRTAC). Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) toplanmış vəsait ölkə üzrə ümumi daxili məhsulun yarısına bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) gedişində ARDNF-ın başçısı Şahmar Mövsümov məlumat vermişdir.
Onun sözlərinə görə, fondda toplanmış vəsait kapital şəklində ölkənin hüdudlarından kənara yatırılır və əsas etibarilə infrastruktur layihələrinin icrasına yönəldilir.
Ölkə rəhbərliyinin iqtisadi strategiyası infrastruktur layihələrin icrasında fondun vəsaitindən istifadə olunmasına istiqamətlənmişdir. Azərbaycan qısa müddətdə iqtisadiyyatda böyük uğurlar qazanmışdır. Yol infrastrukturu təkmilləşdirilmiş, ölkə elektrik enerjisi idxalçısından onun ixracçısına çevrilmiş, yollar, məktəb binaları tikilir.
Ş.Mövsümov bu il ARDNF-ın vəsaiti hesabına həyata keçiriləcək iri layihələr arasında özəl sektor üçün geniş imkanlar açacaq genişzolaqlı internetin inkişaf etdirilməsi layihəsinin adını çəkmişdir.
ARDNF 1999-cu ildə yaradılmışdır. O vaxt onun aktivləri 271 milyon dollar təşkil edirdi. 2013-cü il yanvarın 1-nə olan məlumata görə, fondun aktivləri 34.129,4 milyon dollara bərabərdir.
ARDNF-ın əsas məqsədləri iqtisadiyyata mənfi təsiri minimuma endirmək məqsədi ilə vəsait yığmaq və fondun aktivlərini xaricdə yerləşdirmək, “Hollandiya sindromunu” müəyyən dərəcədə aradan qaldırmaq, gələcək nəsillər üçün vəsait toplamaq və Azərbaycanda cari sosial-iqtisadi prosesləri dəstəkləməkdir.