İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”ndə yenidənqurma işləri davam etdirilir
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturlarında istehsalat prosesi zamanı formalaşan istehsalat tullantılarının və qazma şlamının idarə olunmasının müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”ndə yenidənqurma işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, mərkəzdə yanğın əleyhinə su kəməri çəkilmiş, ərazinin tam işıqlandırılması üçün hündür projektor qüllələri quraşdırılmış, çirkab suların təmizləyici qurğuya ötürülməsi üçün boru və lyuklardan ibarət drenaj sistemi çəkilmiş, yağ süzgəcləri, filtr və neftlə çirklənmiş əski tullantıların müvəqqəti yerləşdirilməsi üçün beton meydança hazırlanmışdır.
Hazırada “Tullantı Mərkəzi”nin daim içməli su ilə təmin edilməsi üçün magistral borudan su xətti çəkilir, tullantıların müvəqqəti saxlanılması məqsədilə 2 anbar tikilir. Sel və qrunt sularının ərazidən kənarlaşdırılması üçün beton drenaj kanalın tikintisi və tullantıların ekoloji tələblərə uyğun yerləşdirilməsi üçün müvafiq işlər yerinə yetirilir.
Mərkəzin yenidənqurma işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur.