İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində TAP konsorsiumunun təmsilçiləri ilə görüş olmuşdur
Bakı, 24 aprel (AZƏRTAC). Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumunun Gürcüstanda səfərdə olan nümayəndələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyində olmuş, sonra Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüş keçirmişlər.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə TAP Direktorlar Şurasının sədri Byarne Bull-Berq, TAP-ın icraçı direktoru Kyetil Tunqland, ARDNŞ prezidentinin müşaviri Murad Heydərov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak etmişlər. Görüşdə Azərbaycan qazının Avropaya nəql olunması məsələləri müzakirə edilmişdir.
Məlum olduğu kimi “Şahdəniz” konsorsiumu ötən ilin dekabrında “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının nəqli marşrutunun Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə müəyyən olunması barədə qərar qəbul etmişdir. TAP həmin marşrutun Yunanıstandan Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna uzanan hissəsidir.