ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universitetinin tələbələri Türkiyədə “Petkim” şirkətində istehsalat təcrübəsi keçiblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya texnologiya fakültəsinin beş tələbəsi İzmirdə “Petkim” (Petrokimya) şirkətində təşkil olunan istehsalat təcrübəsini uğurla başa vurublar.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 27-dək şirkətin bir çox müəssisələrində olan tələbələr tikinti-quraşdırma işləri, müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Şirkətin mühəndisləri tələbələrə təhlükəsizlik qaydaları üzrə təlimatlar keçib və müəssisədə gedən proseslər barədə məlumat veriblər.
Təcrübənin sonunda tələbələrə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub. Təcrübələrini başa vuraraq Azərbaycana geri qayıdan tələbələr hesabat hazırlayaraq təkliflərini də veriblər.