ELM VƏ TƏHSİL
Dövlət Proqramı çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan tələbələrin aylıq təqaüdlərinin məbləğində dəyişiklik edilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam etməkdədir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, xaricdə təhsil alan tələbələrin bu quruma ünvanladıqları çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda, nazirlik tərəfindən respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların oxuduqları ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin kompensasiya edilməsinin təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 iyul tarixli qərarı ilə dəyişiklik edilmişdir. Dəyişiklik nəticəsində ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılmışdır. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılmışdır.
Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.
http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/
Dövlət Proqramının səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcəkdir.