SİYASƏT
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Monteneqronun İnsan Resurslarının İdarə Olunması İdarəsi arasında əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Monteneqronun İnsan Resurslarının İdarə Olunması İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanmışdır.
Sənədi Monteneqroya səfəri çərçivəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və İnsan Resurslarının İdarə olunması İdarəsinin direktoru Svetlana Vukoviç imzalamışlar.
Tədbirdə Azərbaycan nümayəndə heyətinə İnsan Resurslarının İdarə Olunması İdarəsinin fəaliyyəti, son vaxtlar Monteneqroda dövlət qulluğu sahəsində aparılmış islahatlarla bağlı məlumat verilmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Danilovqrad bələdiyyəsinin sədri ilə görüşmüş, Dövlət İdarəçiliyi üzrə Regional Təlim Məktəbində olmuşdur.
Parlamentin vitse-spikeri Sulyo Mustafiç və beynəlxalq əlaqələr və emiqrantlar komitəsinin sədri Miodraq Vukoviç ilə keçirilən görüşlərdə Azərbaycan-Monteneqro əlaqələrinin inkişafından danışılmış, imzalanmış Fəaliyyət Planının ölkələrimiz arasında dövlət qulluğu sahəsində əməkdaşlıqda önəmi vurğulanmışdır.
Nümayəndə heyəti Monteneqronun Çetinye, Kotor və Budva şəhərlərində də olmuşdur.
Xatırladaq ki, ötən il Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə İnsan Resurslarının İdarə Olunması İdarəsi arasında Anlaşma Memorandumu imzalanmışdır. 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı həmin memorandumun icrası məqsədilə hazırlanmışdır.