ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul imtahanının iştirakçıları və onların nəticələri barədə bəzi statistik göstəricilər açıqlanıb
Bakı, 22 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanının iştirakçıları və onların nəticələri barədə növbəti statistik göstəriciləri açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş şəxslərdən 1029-u ilk dəfə dövlət qulluğuna qəbul olunmaq istəyənlərdir. Onlardan 351-i imtahanı müvəffəqiyyətlə verib. İmtahanda iştirak edənlərdən 508-i isə məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil olunmuş şəxslərdir. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul olunanlar, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul və işdən azad edilənlər kateqoriyalarına bölünür.
İmtahanda iştirak üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 67-dir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Həmin namizədlərdən 25-i imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat almaqla gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən 388-i imtahanda iştirak üçün qeydiyyatdan keçib, onlardan 78-i uğur qazanıb. İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən 53-ü isə imtahanda iştirak üçün qeydiyyatdan keçib. Onlardan 12-si uğur əldə edib.
Xatırladaq ki, ümumilikdə imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466-sı (30.3 faiz) müvəffəqiyyət əldə edib. Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Hazırda elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir.