SİYASƏT
Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri müzakirə olunmuşdur
Bakı, 6 oktyabr (AZƏRTAC). Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət orqanlarının kadr qurumlarının rəhbərləri, QHT-lərin, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli Sərəncamına əsasən keçirilmişdir.
DQMK-nın sədri Bəhram Xəlilov Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolundan danışmışdır. Sədr müstəqilliyimizin bərpa edilməsinin ilk illərində ölkəmizin bir çox problemlərlə üzləşdiyini bildirmiş, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin yarandığını, siyasi və iqtisadi islahatlara başlandığını vurğulamışdır. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu qeyd edən B.Xəlilov demişdir ki, bu dahi şəxsiyyətin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlət qulluğu sahəsində aparılmış islahatlardan danışan DQMK-nın sədri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun da məhz onun hakimiyyəti dövründə qəbul olunduğunu və bununla da “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışlarının gündəmə gəldiyini bildirmişdir.
B.Xəlilov vurğulamışdır ki, Azərbaycana rəhbərliyinin ilk dövründə olduğu kimi, respublikamızın müstəqilliyi dövründə də ümummilli lider Heydər Əliyev gənc nəslin dövlət orqanlarında daha çox təmsil olunması istiqamətində mühüm işlər görmüşdür. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunda da islahatlar aparılır.
Tədbirdə DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyevanın müstəqil Azərbaycanın dövlət qulluğu sahəsində keçdiyi inkişaf yoluna dair məruzəsi də dinlənilmişdir. O, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində aparılan islahatlardan, komissiyanın hüquqi statusu və əsas fəaliyyət istiqamətləri, dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin edilməsi, prosesin təkmilləşdirilməsi, internet vasitəsi ilə qeydiyyat sisteminin tətbiqi, namizədlərin sayt, elektron poçt və SMS xidməti vasitəsilə məlumatlandırılması barədə danışmışdır.
“Dəyirmi masa” da mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
######