SİYASƏT
“Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir
Bakı, 24 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirilmişdir ki, kursa dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşlar.
Kursun əsas məqsədi dövlət qulluğunda insan inkişafı amili, dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili, dövlət qulluqçusunun statusu və sosial müdafiəsi: reallıqlar və perspektivlər, dövlət qulluğunda iş vaxtının idarə edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və digər problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olmuşdur.
Kurs ərzində Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov, Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli, DİA-nın professor-müəllim heyəti müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilmişdir.