İQTİSADİYYAT
Dövlət Statistika Komitəsinin əməkdaşı Gürcüstanda keçirilən beynəlxalq seminarda iştirak etmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin baş məsləhətçisi Ə.Kərimov Gürcüstanın Tbilisi şəhərində “İNOGATE” proqramı çərçivəsində “Energetika statistikası və onun statistik göstəricilərinin hesablanması” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “İNOGATE” proqramı Avropa İttifaqı ilə tərəfdaş ölkələr olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında keçirilən energetika sahəsində beynəlxalq layihədir.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan və digər ölkələrdən nümayəndələrin qatıldığı tədbirdə əsasən bərpa olunan enerji növləri, elektrik və istilik enerjisi, energetika statistikası məlumatlarının ardıcıllığı və yoxlanılması və digər məsələlər müzakirə edilmişdir.
İclasda nümayəndəmiz “Azərbaycanda energetika statistikasının vəziyyəti” haqqında maraqlı məruzə ilə çıxış etmişdir.
Seminarda iştirakçı ölkələrin əməkdaşlığının davam etdirilməsi diqqətə çatdırılmışdır.