CƏMİYYƏT
DSX: Zaqatala rayonu ərazisində dövlət sərhədini pozan şəxs saxlanılıb
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılıb və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb.
Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilib və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27 mart 1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhədini pozduğunu etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.