MƏDƏNİYYƏT
“Dünya sənin, dünya mənim” mövzusunda müasir incəsənət sərgisi açılmışdır
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Kiçik QalArt Qalereyasında “Dünya sənin, dünya mənim” mövzusunda müasir incəsənət sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, “Baku Creative Center” yaradıcılıq mərkəzinin Bakı qalereyalar festivalı layihəsi çərçivəsində açılmış sərgi eksperimentdir, sərbəst bir incəsənət növünün sərgi salonunun çərçivələrinə sığması cəhdidir.
Eksperimentin fərqi ondan ibarətdir ki, rəssamların qarşısında heç bir mövzu qoyulmamışdır. Əsas məqsəd hər kəsin gözünə görünənləri sanki qalereyanın daxilinə gətirməklə tamaşaçıların analizi üçün təqdim etmək, çirkli bir incəsənət növünü sərgi salonunun təmiz divarlarına yazmaqdır.
Çirkli səmimiyyətin qalereya təmizliyi ilə kəskin qarşıdurması məhz eksperimentin mahiyyətidir.
Kompozisiya XXI əsrin yeni bir növü olan SMS ilə yekunlaşır.
Sərginin kuratoru rəssam Faiq Əhməd, iştirakçıları isə Fərhad Fərzəliyev, Lalə Qasım, Yunis Krılov və Emil Məcnunovdur.
Sərgi aprelin 27-dək davam edəcəkdir.