MƏDƏNİYYƏT
Dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar, SSRİ və Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin “Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən keçirilən “Fikrət Əmirov-90” Musiqi Festivalı çərçivəsində respublikamızda müxtəlif tədbirlərin gerçəkləşdirildiyini və bu mərasimin silsilədən biri olduğunu demişdir.
Dahi Üzeyir Hacıbəylidən sonra gələn nəslin ən parlaq nümayəndəsi olan Fikrət Əmirovun zəngin yaradıcılığından söhbət açan F.Əlizadə bildirmişdir ki, dünya musiqi xəzinəsinə yeni bir janr -simfonik muğam janrını gətirmiş ustad sənətkar ilk dəfə olaraq qədim ənənələri olan ulu sənətimiz muğamı Qərbdən gələn simfonik orkestrlə sintezləşdirmişdir. O, sintezi elə yüksək səviyyədə həyata keçirmişdir ki, bu əsərlər dünyanın məşhur dirijorlarının repertuarında layiqli yerini tutmuşdur.
Qeyd edilmişdir ki, görkəmli sənətkarın milli kaloriti zəngin olan çox parlaq balet əsərləri dünyanın bir çox ölkələrində böyük uğurla səhnələşdirilmiş və çoxsaylı tamaşaçı rəğbətini qazanmışdır. Bu faktın özü Azərbaycan musiqisinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Hər bir musiqi janrında şedevrlər yaratmış F.Əmirov həm də yüksək insani keyfiyyətləri ilə seçilən şəxs kimi dəyərləndirilmişdir.
Sonra ssenari müəllifi Səadət Təhmirazqızı, rejissoru Miri Rzayev olan “Fikrət Əmirov” yeni sənədli televiziya filmi nümayiş olunmuşdur.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova, Bakı Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov, xalq artistləri İlhamə Quliyeva, tarzən Ramiz Quliyev və digərləri çıxış edərək dünya musiqisi xəzinəsinə qiymətli incilər bəxş etmiş Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun milli musiqimizin inkişafındakı misilsiz xidmətlərindən söhbət açmışlar.
Sonda Mələk Qarayevanın pianoda müşayiəti ilə Ülviyyə Novruzovanın (soprano) ifasında dahi bəstəkarın “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri” mahnısı, Etibar Əsədlinin pianoda ifasında Fikrət Əmirovun mahnılarının mövzularına improvizasiyalar səsləndirilmişdir.