İQTİSADİYYAT
DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜYÜN ƏHƏMİYYƏTİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
Azərbaycan Marketinq Cəmiyyəti (AMC), Qlobal İqtisadi Araşdırmalar Mərkəzi və “PRAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyindən ibarət koalisiya “Dünya Ticarət Təşkilatının (DTT) təsirləri haqqında özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi” layihəsini həyata keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 23-də AMC-nin ofisində layihənin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilmişdir. Tədbirdə qurumların nümayəndələri bir il müddətinə həyata keçiriləcək layihə barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, layihənin məqsədi DTT haqqında maarifləndirici materialların nəşri, Beynəlxalq Ticarət Mərkəzinin DTT barədə hazırladığı 3 kitabın Azərbaycan dilinə tərcümə olunaraq çap edilməsi, DTT və özəl sektor amili haqqında aparılmış araşdırmanın hesabatının nəşri və təqdimat mərasiminin keçirilməsidir. Layihə çərçivəsində DTT-yə uyğunlaşdırılması planlaşdırılan bəzi normativ aktlar sahibkarlarla birlikdə keçiriləcək tədbirlərdə müzakirə ediləcək, onların nəzərdə tutulan dəyişikliklərə münasibəti öyrəniləcəkdir.
Layihə çərçivəsində Bakı şəhərində, Masallı, Qusar və digər rayonlarda sahibkarlara ölkənin DTT-yə üzv qəbul edilməsinin əhəmiyyəti barədə məlumatlar veriləcək, kitablar paylanacaqdır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.