SİYASƏT
“DÜNYADA BAŞ VERƏN İQTİSADİ TENDENSİYALAR: AZƏRBAYCANIN ROLU VƏ YERİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 7 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Milli Məclisin deputatı Gülər Əhmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Əvəz Bayramov, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov və digərləri çıxış edərək, hazırda dünyada baş verən iqtisadi proseslərdə Azərbaycanın rolundan bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda əsası ümummilli lider tərəfindən qoyulmuş iqtisadi siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir və bunun nəticəsində sürətlə inkişaf edən ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.
Bildirilmişdir ki, konfrans ərəfəsində aprelin 10-dan 20-dək gənclər arasında “Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri” mövzusunda elmi məqalələr müsabiqəsi keçirilmişdir. Müsabiqəyə müxtəlif ali məktəblərin tələbələri tərəfindən 100-dək elmi məqalə təqdim olunmuş və bu məqalələr Dövlət İqtisad və Texniki univesitetlərinin və Dövlət Neft Akademiyasının professor-müəllimlərindən təşkil edilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Müsabiqənin nəticəsi olaraq I, II və III yerlərin sahiblərinə pul və diplomlar, 10 elmi məqalənin müəllifinə isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur.