DÜNYA
Dünyada ən bahalı ev: altı nəfər üçün 600 xidmətçi
Bakı, 11 aprel (AZƏRTAC). Hindistanın Mumbai şəhərində torpaq o qədər qiymətlidir ki, hətta dünyada ən bahalı evin sahibi olan 54 yaşlı milyarder Mukeş Ambani də burada öz evinin inşasına icazəni uzun müddət ala bilməmişdir. Amma indi Ambaninin başqa problemi var: o, cəmi 6 nəfərin yaşadığı 27 mərtəbəli bina üçün xidmətçilər tapmalıdır.
Mumbaidə torpağın qiyməti o qədər bahadır ki, yerli sakinlərin “ev” anlayışı yoxdur. Hətta ən varlı insanlar da mənzillərdə yaşamaq məcburiyyətindədirlər. Amma bu əngəllər Mumbainin azı 6 sakini üçün keçərli deyildir. Onlar bu yaxınlarda dünyada ən bahalı şəxsi evə sahib olmuşlar. Evin tikintisi milyarder M.Ambaniyə bir milyard dollara başa gəlmişdir.
“Antiliya” adlandırılmış 27 mərtəbəli binada hər şey nəzərdə tutulmuşdur: bir neçə mərtəbədə parketmə (deyirlər ki, hindlilər öpiyada gəzməyi xoşlamırlar), daha bir mərtəbədə bina sakinlərinə məxsus yüzədək avtomobil yerləşir. Sakinlər ayrıca mərtəbədə yerləşən teatr kreslolarında, yoqa və fitneslə məşğul olduqları çoxsaylı otaqlarda, süni qış mövsümünün yaradıldığı nəhəng otaqda dincəlməyi sevirlər. Onların istidən əziyyət çəkməməsi üçün “Antiliya”da qar əmələ gətirən xüsusi qurğu qoyulmuş, xidmətçilər üçün ayrıca liftlər və giriş qapıları nəzərdə tutulmuşdur. Axı, varlılar sosial statuslarına uyğun gəlməyən insanlarla üzbəüz gəlməyi sevmirlər.
Bu dəbdəbəyə baxmayaraq, milyarder özü “Antiliya”da məskunlaşmağa tələsmir, bunu pis əlamət sayır. Dünyada ən bahalı binanın hündürlüyü 173 metr, ümumi sahəsi 37 min kvadratmetrdir. Bina Atlantik okeanda mifik adanın şərəfinə “Antiliya” adlandırılmışdır.