SİYASƏT
DÜNYADA HÖKM SÜRƏN BÖHRANLI VƏZİYYƏTDƏ SOSİAL ƏDALƏT QORUNUB SAXLANILMALIDIR
Bakıda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən konfransda iştirak edən Beynəlxalq Əmək Təşkilatı (BƏT) Moskva bürosunun baş mütəxəssisi Sten Petersen AZƏRTAC-a bildirmişdir ki, tədbir olduqca aktual bir mövzuya - dünyada hökm sürən maliyyə və iqtisadi böhrana həsr olunmuşdur. Belə bir məqamda həmkarlar ittifaqlarının bir yerə toplaşıb fikir mübadiləsi aparması, dünyadakı bu dəyişikliklərə münasibət bildirməsi çox vacibdir. Biz beynəlxalq maliyyə institutları ilə gələcək münasibətlərimizin necə qurulmasını müəyyənləşdirməliyik.
Əfsuslar olsun ki, tarixən beynəlxalq maliyyə təsisatları öz fəaliyyətlərində əmək standartlarını nəzərə almamışlar. Onların gələcək fəaliyyətində bu standartların öz əksini tapması isə, məhz bizim işimizin əsas istiqamətlərindəndir. Elə bugünkü tədbirdə də bu istiqamətdə ilkin müzakirələr aparılacaqdır. Artıq təkcə bəyanatlar vermək yox, konkret addımlar atmaq lazımdır. Həmkarlar ittifaqları bütün bunları müzakirə edib ümumi məxrəcə gəlməlidirlər.
BƏT-in bu il qəbul etdiyi “Qloballaşmada sosial ədalət” adlı bəyannamədə də bildirilir ki, hazırda dünyada hökm sürən böhranlı vəziyyətdə sosial ədalət vacib prioritet kimi qorunub saxlanılmalıdır.