SİYASƏT
DÜNYANIN BİR NEÇƏ ÖLKƏSİNDƏ “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASININ VƏ ONUN İNTERNET SƏHİFƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). “Xocalıya ədalət” beynəlxalq məlumat-təşviqat kampaniyasının və onun internet saytının (www.justiceforkhojaly.org) dünyanın aparıcı mərkəzlərində təqdimatı davam edir.
“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə ötən ilin mayında elan edilmişdi.
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin təfərrüatının ictimaiyyətə çatdırılması, ona hüquqi-siyasi və mənəvi qiymət verilməsi üçün Xocalı soyqırımı ilə bağı həqiqətlərin təbliği məqsədi daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı bu həftə ərzində dünyanın müxtəlif paytaxtlarında keçiriləcəkdir.
Eyni zamanda, təqdimatı keçiriləcək www.justiceforkhojaly.org internet saytı “Xocalıya ədalət” kampaniyasının virtual aləmdə yayılması və kampaniyanın həyata keçirilməsinin sistemləşdirilməsi məqsədlərini daşıyır və geniş ictimai iştirak üçün nəzərdə tutulmuşdur.
Son iki gündə kampaniya və onun internet saytının təqdimatı dünyanın aşağıdakı şəhərlərində keçirilmişdir:
KİYEV. Fevralın 25-də soydaşımız R.Seydimovun “Xocalı” mövzusuna həsr olunmuş rəsm sərgisinin Ukrayna siyasətçilərinin və ictimai xadimlərinin də iştirakı ilə keçirilmiş bağlanış mərasimində “Xocalıya ədalət” beynəlxalq kampaniyası və onun internet saytı təqdim olunmuşdur.
BERLİN. Fevralın 26-da Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin bürosunda Bundestaq və Berlin şəhər parlamenti üzvlərinin, diplomatik korpusun, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, universitet müəllimlərinin, mədəniyyət xadimlərinin, hüquq müdafiəçilərinin və jurnalistlərin iştirakı ilə “Xocalıya ədalət” kampaniyasının və internet saytının təqdimat mərasimi keçirilmişdir.
Bundestaqın üzvləri Otto Hauserin və Hakkı Keskinin də qatıldıqları tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya parlamentinin üzvü Eduard Lintner çıxış etmişlər.
Mərasimdə “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmiş, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi keçirilmiş, yazıçı Günel Rzayevanın Qarabağ mövzusuna həsr olunmuş “Atama” hekayəsi oxunmuş və alman rəssamı Peter Foellerin “Garabach” əsəri nümayiş etdirilmişdir.
BUXAREST. Fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində hökumətin, QHT-lərin və mətbuat təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbirdə “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının təqdimat mərasimi keçirilmişdir.
Bununla yanaşı, “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi və rumın dilində nəşr edilmiş “Xocalı faciəsi” kitabının təqdimatı da olmuşdur.
VYANA. Fevralın 26-da Vyananın mərkəzi küçələrinin birində Azərbaycanın işğal olunmuş ərazilərini simvolizə edən çadır qurulmuş və burada ölkənin elm mərkəzlərinin, yerli icmaların və mətbuat nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatı keçirilmişdir.
RİQA. Fevralın 26-da Riqadakı “Ocaq” Mədəniyyət Mərkəzində yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” kampaniyasının və internet saytının təqdimatı olmuşdur.
VARŞAVA. Fevralın 26-da Varşava Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Tədbirdə ölkə ictimaiyyəti, Polşada akkreditə olunmuş diplomatların, mətbuatın nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və internet saytının təqdimatı olmuşdur.
Bundan başqa, Vaşinqtonda ABŞ Konqresinin binasında konqresmenlərin iştirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur. Kampaniya çərçivəsində Corc Vaşinqton Universitetində Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı hazırladığı film göstəriləcək, rəsm sərgisi təşkil ediləcək, kampaniyanın və internet saytının təqdimatı olacaqdır.