DÜNYA
Düşənbədə Rusiya-Tacikistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur
Daşənbə, 18 yanvar (AZƏRTAC). Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanda səfərdə olmuş, bu ölkənin Prezidenti Emomali Raxmon ilə görüşündə siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələrdə imzalanmış sənədlərin yerinə yetirilməsi məsələləri ətraflı müzakirə edilmişdir. Tərəflər 2014-cü ildən sonra Tacikistan-Əfqanıstan sərhədlərinin daha da möhkəmləndirilməsi, mümkün təhlükələrin dəf olunması istiqamətində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparmışlar.
Sergey Lavrov görüşdən sonra keçirilən mətbuat konfransında demişdir ki, danışıqlar zamanı əsas diqqət keçən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Tacikistana səfəri zamanı imzalanmış sənədlərin yerinə yetirilməsi məsələlərinə diqqət yetirilmişdir. Onun sözlərinə görə, görüşdə Tacikistandakı 201-ci Rusiya hərbi bazasının bu ölkədə qalma müddəti və statusu haqqında Saziş ölkə parlamenti tərəfindən paraflandıqdan sonra Rusiyadan Tacikistana neft məhsullarının rüsumsuz göndərilməsi və miqrasiya haqqında sazişlərin imzalanması haqqında razılıq əldə olunmuşdur. Sergey Lavrov Tacikistanın xarici işlər naziri Xamraxon Zərifi ilə də görüşmüş, iki ölkə xarici işlər nazirlikləri arasında 2013-cü il üçün əməkdaşlıq planı imzalanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə