REGİONLAR
Düşmənə dərs keçən müəllim VİDEO
Ağstafa, 18 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
“Düşmənə dərs keçən müəllim” - Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin xatirəsinə inşa edilən abidənin üzərinə bu sözlər yazılıb. O, Ağstafa şəhər 1 saylı orta məktəbin direktoru idi. Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qatılmışdı. Şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışan Elvin İmaməliyev özü onlara ömürlük nümunə oldu.
AZƏRTAC xəbər verir ki, bu gün şəhid məktəb direktorunun rəhbəri olduğu Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə abidə kompleksinin açılışı olub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və şəhidin ailə üzvləri, qazilər, döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər 31 yaşlı məktəb direktorunun Vətən sevgisindən danışıblar.
Əlindəki qələmini silaha dəyişən məktəb direktoru Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olub. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı.
Şəhidin atası Elsevər İmaməliyev bildirib ki, Elvin hər şeydən öncə Vətənini, torpağını, dövlətini sevirdi. Döyüşlərə də könüllü getmişdi. Şuşa şəhərində şəhidlik zirvəsinə ucaldı.
Elvin İmaməliyev Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəli idi, iki oğul övladı Vətənə əmanətdir.
“Uşaqlarımı onun adına layiq böyütməyə çalışıram. Elvin hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə bu iki balasına bayrağı, Vətəni sevdirirdi. İndi uşaqlarım bayrağımızı görəndə deyir ki, atamın bayrağıdır”, – deyə şəhidin həyat yoldaşı Əsmər İmaməliyeva söyləyib.
Elvin ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.