RƏSMİ XRONİKA
“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİNİN AÇILIŞI
![“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİNİN AÇILIŞI](/files/2008/2/1200x630/14864527721195145137_1200x630.jpg)
![](/media/newsimages/2008/June/file1212603567619.jpg)
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan əvvəlcə Mərkəzin yeraltı hissəsi ilə tanış oldular.
Milli geyimli qız və oğlan Azərbaycan Prezidentinə Türkiyənin Baş nazirinə və onların xanımlarına gül dəstələri təqdim etdilər.
Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımları Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər və bu müalicə ocağı ilə tanış oldular.
Məlumat verildi ki, 1979-cu ildə burada 50 çarpayılıq fizioterapiya xəstəxanası yaradılmışdır. Sonralar müalicəyə gələnlərin sayı artdıqca bura genişləndirilmişdir. Xəstəxana yeraltı və yerüstü şöbələrdən ibarətdir. 2006-cı ilin dekabrında müasir standartlar səviyyəsində “Duzdağ” Fizioterapiya Mərkəzinin tikintisinə başlanmışdır. “Gəmiqaya” şirkəti altımərtəbəli binanı qısa müddətdə inşa etmişdir. Buraya Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən xəstələr gəlir. Müalicə və istirahət üçün müasir səviyyədə şərait yaradılmışdır. Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da var. Mərkəzin xəstəxana hissəsində böyüklər və kiçiklər üçün şöbələr fəaliyyət göstərir. Burada bronxial astma və astmatik komponentli digər xəstələr müalicə olunurlar. Təbii müalicə ilə yanaşı, dərman müalicəsi, fizioteraperiya müalicəsi, müalicəvi bədən tərbiyəsi də tətbiq edilir. Mərkəzdə stolüstü tennis, bilyard stolları, trenajor zalı, sauna, hamam, stadion, üzgüçülük hovuzu da vardır. Uşaqlar üçün “nağıllar aləmi” də yaradılmışdır.
Yerüstü hissədən yeraltı hissəyə 2,4 kilometr məsafə var. Yeraltı hissədə - düz mədəni şaxtasında gecə və gündüz havanın temperaturu 18-20 dərəcəyə yaxın olur. Atmosfer təzyiqi 682 millimetr civə sütunu, nisbi rütubət 24-50 faiz arasındadır. Şaxtada dəm, azot və metan qazı yoxdur, oksigen 20 faizə yaxındır. Burada duz qatının qalınlığı 8,2 metrə çatır. Duzun tərkibində natrium-xlor 98,4 faiz, kalsium 0,04 faiz, maqnezium 0,06 faizdir. Müalicə kursu böyüklər üçün 20-24 seans, uşaqlar üçün 14-18 seansdır. Xəstələr axşam saat 6-dan səhər 8-dək şaxtada olurlar. Şaxtada 2 qadın və 3 kişi palatası var. Bunların 2-sində uşaq palatası da var. Müraciət edənlərin sayı artarsa, gələcəkdə buranın genişləndirilməsi də nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |