ELM VƏ TƏHSİL
“Ədəbi proses – 2013” elmi müşavirəsinin materialları nəşr olunub
Bu ilin aprelində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses - 2013” yaradıcılıq müşavirəsi ölkəmizin ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. “Ədəbi proses - 2013” Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müşavirənin materialları Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə toplu halında çap olunub. Toplunun “Ədəbi proses - 2013: Ənənənin bərpası və yeni mərhələ” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində baş verən proses və dəyişmələr, bu istiqamətdə aparılmış geniş, elmi-nəzəri mahiyyət daşıyan məruzələr əksini tapıb. Topluya filologiya üzrə elmlər doktoru, ədəbi tənqid şöbəsinin müdiri, Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, filologiya üzrə fəlsəfə doktorları - Elnarə Akimovanın “İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)”, Fidan Abdurəhmanovanın “Bədii tərcümə”, Elçin Mehrəliyevin “Bədii publisistika”, Esmira Fuadın (Şükürova) “Cənubi Azərbaycanda ədəbi mühit”, fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin “Tənqid və müasir ədəbi proses”, filologiya üzrə elmlər doktorları - Salidə Şərifovanın “Bədii nəsr”, professor Aydın Dadaşovun “Dramaturgiya” və Nərgiz Cabbarlının “2013-cü ilin şeiri” mövzularında məruzələri daxil edilib.
“Hədəf nəşrləri”ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.