ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyi: Yeni nəsil bələdçilərin yetişməsində Tutuxanım Məmmədovanın özünəməxsus xidməti var
Bakı, 10 iyul, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmin inkişafı və tədris layihələri şöbəsinin elmi işçisi, yarım əsrdən çox müddət ərzində bu muzeydə çalışan Tutuxanım Məmmədovanın 70 yaşı münasibətilə tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilən tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Tutuxanım Məmmədovanın gərgin əmək fəaliyyətindən, gördüyü işlərdən söz açıb. Bildirib ki, uzun illər muzeyin bələdçisi kimi fəaliyyət göstərmiş T.Məmmədovanın apardığı ekskursiyalar tamaşaçıların yaddaşına həkk olunub. Eyni zamanda, onun yeni nəsil bələdçilərin yetişməsində özünəməxsus xidməti var.
Daha sonra akademik Rafael Hüseynov yubilyarı təbrik edərək, “Sözümüz” adlı xüsusi təbriknaməni ona təqdim edib.
Təbriknamədə T.Məmmədovanın kollektivə gəldiyi ilk çağlardan tutmuş son dövrədək çəkilmiş fotolarından ibarət kollaj əks olunub. Muzey əməkdaşlarının ortaq duyğularını ifadə edən təbrik məktubunda yubilyarın 1967-ci ildə muzeydə zal baxıcısı kimi fəaliyyətə başladığı, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra Nizami muzeyinə qayıdaraq burada izahatçı işlədiyi bildirilir. Qeyd olunur ki, T.Məmmədova 53 illik fəaliyyətində muzeydə saysız-hesabsız ekskursiyalar, görüş və tədbirlər təşkil edib, neçə-neçə kitab və məqalələr ərsəyə gətirib.
Tədbirdə muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomris Babanlı yubilyarla bağlı xatirələrini bölüşüb.
Muzeyin digər əməkdaşları da T.Məmmədovanı təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıblar.