DÜNYA
Ədəndə 120 meqavat gücündə elektrik stansiyası istifadəyə veriləcək
Əbu-Dabi, 31 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ədəndə (Yəmən) yerli sakinlərin elektrik enerjisinə tələbatını təmin etmək üçün 120 meqavat gücündə elektrik stansiyası inşa edib.
AZƏRTAC WAM rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, dünyada ən iri mühərriklərdən biri ilə işləyən yeni stansiya Əl-Həsva rayonunda yerləşir və bu il oktyabr ayında işə salınacaq.
Bildirilir ki, Xəlifə bin Zayed Al Nəhyan Fondu bu stansiyanı BƏƏ-nin Yəməndə əsas sektorlara daimi dəstəyi çərçivəsində yaradıb.
Göyərtəsində stansiyanın yerləşdirildiyi BƏƏ gəmisi artıq Ədənə yan alıb. Gəmini Yəmənin Baş nazirinin müavini Əhməd əl-Maysari və Yəmənin digər yüksəkvəzifəli şəxsləri qarşılayıblar.
Əl-Maysari bu yaxınlarda azad edilmiş ərazilərdəki yəmənlilərin əsas ehtiyaclarının təmin edilməsi üçün BƏƏ-nin böyük səylərini yüksək qiymətləndirərək bildirib ki, yeni elektrik stansiyası Ədəndə və qonşu əyalətlərdə enerji infrastrukturunun potensialını xeyli artıracaq.
BƏƏ-nin Yəməndə həyata keçirdiyi humanitar əməliyyatların direktoru Səid əl-Kaabi əlavə edib ki, dizel və qaz yanacağı ilə işləyən stansiyanın fəaliyyətini təmin etmək məqsədilə 14 gün müddətində iki rezervuar tikintisi işləri başlanacaq. Hər birinin tutumu 5000 kubmetrə bərabər olan bu rezervuarlar yanacaq saxlamaq üçün nəzərdə tutulur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi