SİYASƏT
ƏDLİYYƏ İŞÇİLƏRİ ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİNİ ANMIŞLAR
Bakı, 12 dekabr (AZƏRTAC). Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ədliyyə işçiləri dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin vəfatının ildönümü münasibətilə ulu öndərin əziz xatirəsinə bəslədikləri əbədi ehtiramın ifadəsi olaraq Fəxri xiyabanı ziyarət etmiş, ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anma mərasimi keçirilmişdir. Əvvəlcə dahi öndərin nazirlikdə büstü önünə tər çiçəklər qoyulmuş, xatirəsi anılmışdır.
Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ömrünü müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolundan, tarixi xidmətlərindən danışmış, onun siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış yüksək nailiyyətlərdən bəhs etmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş filmə tamaşa etmişlər.
Sonra ehsan süfrəsi açılmışdır.
######