CƏMİYYƏT
ƏDLİYYƏ VƏ MƏHKƏMƏ – HÜQUQ İSLAHATLARI İLƏ ƏLAQƏDAR ƏHALİNİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ VƏ MƏLUMATLANDIRILMASI LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏKDİR
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant vəsaiti hesabına ədliyyə və məhkəmə – hüquq islahatları ilə əlaqədar əhalinin hüquqi maarifləndirilməsi və məlumatlandırılması layihəsini icra edəcəkdir.
Ölkədə gedən hüquqi islahatların uğurla həyata keçirilməsində, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında Azərbaycan ədliyyəsinin rolu böyükdür. Odur ki, cəmiyyətdə Ədliyyə Nazirliyinin, o cümlədən Məhkəmə Hüquq Şurasının nüfuzunun yüksəldilməsi sahəsində həm nazirlik, həm də şura tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Eyni zamanda, yeni hakim korpusunun üzvlərinin şəffaf şəkildə keçirilən test və müsabiqələr yolu ilə seçilərək təyin edilməsi, ədliyyə qulluğuna qəbul üzrə aparılmış şəffaf test və müsabiqə imtahanlarının da nəticələrinə uyğun olaraq ədliyyə orqanlarında qulluğa yüzlərlə gənc hüquqşünasın qəbul edilməsi aparılan uğurlu məhkəmə-hüquq islahatlarının ayrılmaz tərkib hissəsidir. Hüquq sahəsində fəaliyyət göstərən ictimai birliklərin və hüquqşünasların peşə birliklərinin də əsas funksiyası qeyd olunan sahədə aparılan islahatlarla əlaqədar əhalinin hüquqi maarifləndirilməsini təşkil etmək və mövcud siyasəti yerinə yetirən dövlət qurumlarına dəstək vermək olmalıdır. Azərbaycan Hüquqşünasları Konfederasiyası layihəni məhz bu məqsədlə icra edəcəkdir.
AHK-nin mətbuat xidmətindən bildirmişlər ki, dörd ay ərzində həyata keçiriləcək layihənin yüksək peşəkarlıqla icra olunması məqsədi ilə konfederasiya Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə sıx əməkdaşlıq edəcəkdir.
Qeyd olunan layihə çərçivəsində məhkəmə hüquq islahatlarının ayrılmaz və davamlı tərkib hissəsi olan ədliyyə və məhkəmə islahatları sahəsində əhalinin, ədliyyə və məhkəmə qurumları ilə ünsiyyətdə olan vətəndaşların maarifləndirilməsi əsas prioritet təşkil edəcəkdir.
Layihənin əsas məqsədi vətəndaşların hüquq mədəniyyətinin artırılması, onlara ədliyyə əməkdaşlarının və hakimlərin etik davranış kodeksi barədə məlumat verməkdir.
Layihə çərçivəsində ədliyyə qulluqçularının etik davranış kodeksi və hakimlərin etik davranış kodeksi hər biri 5000 tirajla bukletlər və plakatlar şəklində nəşr olunacaqdır. Plakatların ədliyyə və məhkəmə qurumlarında vətəndaşların görə biləcəkləri yerlərə vurulması nəzərdə tutulmuşdur.