İQTİSADİYYAT
Edvard Stroon: “BakuBuild” sərgisi Azərbaycanın tikinti sektorunun inkişafından xəbər verir
Oktyabrın 22-də Bakı Ekspo Mərkəzində tikinti sahəsində Xəzəryanı regionun ən böyük tədbiri - 20-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi (“BakuBuild 2014”) açılacaq.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 21-də keçirilən mətbuat konfransında “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon sərginin ilbəil artan nüfuzundan söz açdı. Bildirdi ki, budəfəki sərgidə dünyanın 29 ölkəsindən 490 şirkət ən yeni texnologiyalarını təqdim edəcək. Azərbaycan paytaxtında 20-ci dəfə keçirilən sərgiyə son illər 100 minədək ziyarətçinin gəlməsi böyük göstəricidir. E.Stroonun fikrincə, xüsusi marağa səbəb olan “BakuBuild” sərgisi, eyni zamanda, Azərbaycanın tikinti sektorunun inkişafından xəbər verir.
Mətbuat konfransında qeyd olundu ki, “BakuBuild” sərgisi çərçivəsində reallaşdırılacaq “Aqva-Therm Baku” və “CİPS Caspian” sərgilərində istehsalçı şirkətlər öz məhsullarını nümayiş etdirəcəklər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev sərgi təşkilatçılarının əməyini yüksək qiymətləndirərək vurğuladı ki, ölkədə tikinti-quruculuq işlərinin geniş vüsət alması yeni iş yerlərinin açılması, əhalinin məşğulluğu baxımından da böyük əhəmiyyət kəsb edir. İndi Bakı şəhəri ilə yanaşı, regionların inkişafına da çoxlu vəsait qoyulur. Bu isə o deməkdir ki, Azərbaycanda tikinti investisiya fəaliyyəti nəinki paytaxtın, bütövlükdə ölkənin tərəqqisinə xidmət edir.
Sonda jurnalistlərin sualları cavablandırıldı.